“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən alınmış problemli aktivlərin əvəzində mövcud qanunvericiliyə uyğun olaraq əldə edilmiş və rəsmiləşdirilmiş əmlakların satılması və kənar idarəçilərə idarəetməyə verilməsi üzrə Müsabiqə Komissiyasının 07 oktyabr 2016-cı il tarixli iclasının 01 nömrəli Protokolu ilə təsdiq edilmişdir.

 

 

“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən alınmış problemli aktivlərin əvəzində mövcud qanunvericiliyə uyğun olaraq əldə edilmiş və rəsmiləşdirilmiş əmlakların satılması üzrə hərracların keçirilməsi və ya kənar idarəçilərə idarəetməyə verilməsi

 

Qaydaları

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən alınmış problemli aktivlərin əvəzində mövcud qanunvericiliyə uyğun olaraq əldə edilmiş və rəsmiləşdirilmiş əmlakların satılması və kənar idarəçilərə idarəetməyə verilməsi üzrə Müsabiqə Komissiyasının yaradılması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2016-cı il tarixli 252 nömrəli Qərarından irəli gələn vəzifələrin icrası ilə əlaqədar “Aqrarkredit” QSC-nin (bundan sonra – Aqrarkredit adlanacaq) idarəetməsinə verilmiş problemli aktivlər üzrə ödənilməmiş borcların əvəzində mövcud qanunvericiliyə uyğun olaraq əldə edilmiş və rəsmiləşdirilmiş daşınar və daşınmaz əmlakların (bundan sonra – əmlak adlanacaq) satılması və ya kənar idarəçilərə idarəetməyə verilməsi prosesində bir sıra məsələlərin həll edilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2016-cı il tarixli 252 nömrəli qərarı ilə yaradılmış Müsabiqə Komissiyası (bundan sonra – Müsabiqə Komissiyası adlanacaq) tərəfindən əmlakın satılması və ya kənar idarəçilərə idarəetməyə verilməsi ilə bağlı qərarları qəbul edilməsi və əmlakın satılması üzrə hərracların keçirilməsi və ya kənar idarəçilərə idarəetməyə verilməsinin qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalar Azərbaycan Respublikası Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının digər qanunlarına, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanına, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 İyun 2016-cı il tarixli 252 nömrəli Qərarına uyğun olaraq tərtib olunmuşdur.

1.3. Bu Qaydalar girov və ya ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi, iflas icraatı nəticəsində əmlakın satılması, habelə əmlakın qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında birbaşa satılması hallarına şamil edilmir.

2. Əmlakın satılması və ya kənar idarəçilərə idarəetməyə verilməsi barədə qərar

2.1. Əmlakın satılması və ya kənar idarəçilərə idarəetməyə verilməsi barədə qərar Müsabiqə Komissiyası tərəfindən Aqrarkreditin əsaslandırılmış təqdimatı əsasında qəbul edilir.

2.2. Əmlakın satılması və ya kənar idarəçilərə idarəetməyə verilməsi barədə qərar qəbul edilərkən aşağıdakılar nəzərə alınmalıdır:

2.2.1. Bu Qaydaların 2.2.2-ci bəndi nəzərə alınaraq əmlak ilk növbədə hərrac vasitəsi ilə satışa çıxarılmalıdır. Əmlak bu Qaydalara əsasən hərrac vasitəsi ilə satılmadıqda Müsabiqə Komissiyası Aqrarkreditin təqdimatı əsasında əmlakın kənar idarəçilərə idarəetməyə verilməsi barədə qərar çıxarır.

2.2.2. Azərbaycan Respublkasının Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilmiş aktivlər, həmçinin Aqrarkreditin təqdimatı əsasında qeyri-kommersiya və ya kommersiya cəhətdən az cəlbedici hesab olunan əmlak Müsabiqə Komissiyasının qərarı ilə birbaşa müqavilələr əsasında satılır və ya kənar idarəçiyə verilir.

3. Əmlakın qiymətləndirilməsi

3.1. Əmlakın hərrac vasitəsilə satışa çıxarılmasından əvvəl əmlak bu Qaydalara əsasən seçilmiş qiymətləndirici tərəfindən qiymətləndirilməli və onun ilkin satış qiyməti müəyyən edilməlidir.

3.2. Əmlakın qiymətləndirilməsi nüfuzlu qiymətləndirici təşkilat tərəfindən həyata keçirilməlidir. Qiymətləndiricinin seçilməsi aşağıdakı mərhələlərlə həyata keçirilir:

3.2.1. İlkin mərhəldə qiymətləndiricilərin ixtisas uyğunluğu müəyyən edilərək azı beş qiymətləndirici təşkilat daxil olan siyahı tərtib edilir;

3.2.2. İkinci mərhələdə konkret əmlakın qiymətləndirilməsi məqsədi ilə qiymətləndiricilərin siyahısına daxil edilmiş qiymətləndiricilərdən təkliflər alınır.

3.3. Qiymətləndiricilərin ixtisas uyğunluğunu müəyyən etmək məqsədi ilə, Aqrarkredit rəsmi internet səhifəsində, dövlət qəzetində və digər kütləvi informasiya vasitələrində elan dərc edir. Elan sənədlərin təqdim edilməsinin son gününə otuz gün qalmış verilir.  İnternet səhifəsində elan sənədlərin təqdim edilməsinin son gününə qədər internet səhifəsində yerləşdirilməlidir, rəsmi dövlət qəzetində və digər kütləvi informasiya vasitələrində elan isə sənədlərin təqdim edilməsinin son gününə iyirmi və on gün qalmış təkrarən verilməlidir.  Elanda aşağıdakı məlumatlar göstərilməlidir:

3.3.1. Qiymətləndiricinin seçilməsi məqsədi, qiymətləndirilməsi tələb olunan əmlakların növləri barədə qısa məlumat;

3.3.2. Qiymətləndirici tərəfindən təqdim edilməli olan sənəd və məlumatlar;

3.3.3. Sənədlərin təqdim edilməsi müddəti və ünvanı;

3.3.4. Əlaqəli şəxsin adı, vəzifəsi, telefon nömrəsi və elektron poçt ünvanı;

3.3.5. İxtisas uyğunluğunun yoxlanılmasının nəticələri barədə qiymətləndiricilərə məlumatın verilməsi;

3.3.6. Təkliflərin qiymətləndirilməsi meyarları.

3.4. Qiymətləndiricidən aşağıdakı sənəd və məlumatların təqdim edilməsi tələb olunur:

3.4.1. Qiymətləndiricinin dövlət qeydiyyatını təsdiq edən sənədlərin surəti (qeydiyyat haqqında şəhadətnamə, reyestrdən çıxarış);

3.4.2. Son iki il üçün mühasibat balansı;

3.4.3. Qiymətləndiricinin qiymətləndirmə sahəsində təcrübəsinə dair məlumatlar (qiymətləndirmə sahəsində fəaliyyət müddəti, qiymətləndirmə sahəsində ən iri həcmli əməliyyatları, qiymətləndirdiyi əmlakın növləri, qiymətləndirilən son on iş barədə məlumat və onların həyata keçirildiyi müddət);

3.4.4. Qiymətləndiricinin müxtəlif növlü əmlakına dair tətbiq etdiyi qiymətləndirmə standartları və metodologiyası barədə təsviri məlumat;

3.4.5. Aqrarkredit tərəfindən tapşırılacaq qiymətləndirmə işlərinə cəlb ediləcək işçilərin (mütəxəssislərin) adları, vəzifələri, ixtisaslarını təsdiq edən sənədlərin surəti, iş təcrübələrinə dair məlumat, əlaqə üçün telefon nömrələri və elektron poçt ünvanı;

3.4.6. Aqrarkreditlə əlaqə saxlamaq üçün təyin etdiyi rəhbər işçinin adı, vəzifəsi, ixtisasını təsdiq edən sənədin surəti, iş tərübəsinə dair məlumat, əlaqə üçün telefon nömrələri və elektron poçt ünvanı;

3.4.7. Qiymətləndiricinin müvafiq sahə üzrə yerli və (və ya) beynəlxalq təşkilatlarda (assosiasiyalarda, cəmiyyətlərdə) üzv olması barədə məlumat.

3.5. Aqrarkredit bu sahədə təcrübəsi olan qiymətləndirici təşkilatlara sənədlərin təqdim edilməsi üçün birbaşa sorğu göndərə bilər. Sorğuda bu Qaydaların 3-cü bəndində müəyyən edilmiş məlumat göstərilməlidir.

3.6. Qiymətləndiricilər aşağıdakı tələblərə cavab verdikdə ixtisas uyğunluğu müəyyən edilmiş hesab olunur və onlar qiymətləndiricilərin siyahısına daxil edilir:

3.6.1. Qiymətləndirici təşkilat müvafiq sahədə minimum 2 il fəaliyyət təcrübəsinə malik olmalıdır;

3.6.2. Qiymətləndiricinin satışa çıxarılan əmlakın növü, həcmi, iqtisadi sahədə əmlakın qiymətləndirilməsi təcrübəsinin olması;

3.6.3. Qiymətləndiricinin mütəxəssislərinin qiymətləndirmə sahəsində minimum 1il peşəkar təcrübəsinin olması;

3.6.4. Qiymətləndiricinin qabaqcıl qiymətləndirmə standartları və metodologiyasının tətbiq edilməsi imkanları və təcrübəsi;

3.6.5. Qiymətləndiriciyə dair mənfi məlumatların olmaması (qiymətləndiricinin və ya onun təklif etdiyi mütəxəssislərin səriştəsizliyi və ya peşəkarlığın aşağı olması barədə məlumatlar, işçilərinə qarşı cinayət işlərinin qaldırılması, dövlət büdcəsinə borcların olması və s.).

3.7. “Aqrarkredit” qiymətləndirici təşkilatların təkliflərini qiymətləndirir və nəticələri Müsabiqə Komissiyasına təqdim edir. Qiymətləndirici təşkilatların siyahısı Müsabiqə Komissiyası tərəfindən təsdiq edilir. “Aqrarkredit” ixtisas uyğunluğunun yoxlanılmasında iştirak edən bütün qiymətləndiricilərə onların ixtisas uyğunluğunun yoxlanılması mərhələsindən keçib-keçmədiyi barədə məlumat verir.

3.8. Hər hansı əmlakın satışa çıxarılması barədə Müsabiqə Komissiyasının qərarının qəbul edilməsindən dərhal sonra Aqrarkredit qiymətləndiricilərin siyahısına daxil olmuş bütün təşkilatlara həmin əmlakın qiymətləndirilməsi barədə təklifin verilməsi barədə sorğu göndərir.

3.9. Sorğuda aşağıdakılar göstərilir:

3.9.1. əmlakın ətraflı təsviri (onun əsas hissələrinin tərkibi, təyinatı, sahəsi və digər ölçüləri və xüsusiyyətləri);

3.9.2. əmlakın yerləşdiyi ünvan;

3.9.3. əmlakın qiymətləndirilməsi üçün haqq və qiymətləndiricinin xərcləri (əgər haqqa daxil deyilsə) barədə təklifin verilməsi;

3.9.4. təklifdə bu Qaydaların 10-cu bəndinə əsasən qeyd edilməli olan məlumatlar,

3.9.5. təkliflərin qəbul edilməsi üçün ünvan və əlaqəli şəxsin adı, vəzifəsi, telefon nömrəsi və elektron poçt ünvanı;

3.9.6. təkliflərin qəbul edilməsi üçün son müddət;

3.9.7. qalib gəlmiş qiymətləndirici və Aqrarkredit arasında bağlanılacaq müqavilənin layihəsi.

3.10. Qiymətləndirici təşkilatlar aşağıdakı məlumatların daxil olduğu təkliflərin sorğuda göstərilən son tarixə qədər “Aqrarkredit”ə təqdim etməlidirlər:

3.10.1. əmlakın qiymətləndirilməsi üzrə xidmətlər (o cümlədən Aqrarkredit və, tələb olunarsa Müsabiqə Komissiyasının suallarının cavablandırılması, şərhlərinin nəzərə alınması) üçün haqqın məbləği və onun hesablanması qaydası, əvəzi ödənilməli (əgər haqqa daxil deyilsə) xərclərin məhdudlaşdırılması;

3.10.2. əmlakın qiymətləndirilməsinə tətbiq ediləcək standartlar və qiymətləndirmə metodu və onun əsaslandırılması;

3.10.3. qiymətləndirmənin həyata keçirilməsi üçün cəlb olunan mütəxəssislər (ixtisasın yoxlanılması zamanı göstərilən mütəxəssislər) və hər hansı sahə üzrə xüsusi biliklər tələb olunarsa belə xüsusi biliklərə malik olan cəlb olunacaq mütəxəssislərin adları, ixtisası və təcrübəsi;

3.10.4. qiymətləndirmənin həyata keçirilməsinin vaxt cədvəli, o cümlədən ilkin hesabatın Aqrarkreditə təqdim edilməsi, onun Aqrarkreditlə (tələb olunduqda isə Müsabiqə Komissiyası ilə) razılaşdırılması və bunun nəticəsi olaraq son hesabatın təqdim edilməsi vaxtları;

3.10.5. Qiymətləndiricinin müstəqilliyinə və əmlakın obyektiv qiymətləndirilməsinə maneə olan halların olmamasına dair qiymətləndiricinin bəyanatı;

3.10.6. Aqrarkreditlə bağlanılacaq müqavilənin layihəsinə dair qeydlər.

3.11. Qiymətləndirici şirkətlərdən təkliflərin alınması üçün müddət başa çatdıqda, Aqrarkredit qiymətləndirici şirkətlərdən alınmış təkliflərin müqayisəli təhlilini həyata keçirir və qalib gələn təklifi seçərək bu barədə təklif vermiş bütün qiymətləndirici təşkilatlara məlumat verir.

3.12. Tələb olunduqda Müsabiqə Komissiyası təkliflərin qiymətləndirilməsinə dair metodoloji təlimat təsdiq edə bilər.

3.13. Aqrarkredit və təklifi qəbul edilmiş qiymətləndirici arasında müvafiq əmlakın qiymətləndirilməsi xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanılmalıdır. Müqavilə üzrə danışıqlar aparılarkan Aqrarkredit qiymətləndirici təşkilat tərəfindən təklif edilən qiymətə güzəştin tətbiq edilməsi məsələsini müzakirə etmək hüququna malikdir.  Qalib gəlmiş qiymətləndirici təşkilatla hər hansı səbəbə görə müqavilə bağlanmadıqda, Aqrarkredit ikinci yer tutmuş qiymətləndirici təşkilatla müqavilə üzrə danışıqlara başlamaq hüququna malikdir.

3.14. Əmlakın qiymətləndirilməsi məqsədi ilə Aqrarkredit qiymətləndirici təşkilata əmlaka baxış keçirilməsi məqsədi ilə əmlakın yerləşdiyi əraziyə və əmlaka daxil olmaq imkanını yaratmalıdır, həmçinin əmlaka dair onda olan bütün sənədlərlə tanış olmaq, belə sənədlər digər təşkilatlarda və ya dövlət orqanlarında olduqda isə həmin təşkilat və orqanlarla əlaqə saxlayaraq qiymətləndirici təşkilat üçün həmin sənədlərlə (belə sənədlər dövlət və ya istintaq sirrinə və ya cinayət işi üzrə götürülmüş sənədlərə aid olduğu hallar istisna olmaqla) tanış olmaq üçün imkan yaratmalıdır.

3.15. Qitymətləndirici təşkilat hesabatın ilk layihəsini hazırladıqdan sonra onu Aqrarkreditlə, tələb olunduqda isə Müsabiqə Komissiyası ilə müzakirə etməli və şərhlərini nəzərə alaraq hesabatın son versiyasını hazırlamalıdır.

3.16. Qiymətləndirici təşkilat qiymətləndirməni təklifində müəyyən edilmiş müddətdə apararaq qiymətləndirmənin nəticələri barədə hesabat təqdim etməlidir. Hesabatda aşağıdakılar göstərilməlidir:

3.16.1. Qiymətləndirilən əmlaka dair ətraflı məlumat;

3.16.2. Qiymətləndirmənin aparılması və qiymətin hesablanması qaydaları, nəzərə alınan və nəzərə alınmayan faktorlar, tətbiq edilən qiymətləndirmə standartları və metodları;

3.16.3. əmlakın qiyməti (və ya qiymət hədləri);

3.16.4. qiymətləndirmə zamanı əmlaka dair sənədlərin siyahısı;

3.16.5. istifadə olunmuş ədəbiyyat və istinadlar;

3.16.6. qiymətləndirməni aparan mütəxəssislər və hər hansı sahə üzrə xüsusi biliyin tələb olunduğu halda cəlb edilmiş digər mütəxəssislər.

3.17. Hesabat qiymətləndirməni aparan baş mütəxəssislər, əlaqə üçün rəhbər işçi və qiymətləndirici təşkilatın rəhbəri tərəfindən imzalanmalı və qiymətləndirici təşkilatın möhürü ilə təsdiq olunmalıdır.

3.18. Qiymətləndirməyə dair hesabatın təqdim edilməsindən beş gün ərzində Aqrarkredit aşağıdakı məlumatları əks etdirən hesabatı Müsabiqə Komissiyasına təqdim etməlidir:

3.18.1. Qiymətləndirici təşkilatın seçilməsinə dair prosesin ətraflı təsviri (o cümlədən qiymətləndirici təşkilatların verdikləri təkliflər, onların təhlili prosesi və qalib elan edilmiş giymətləndirici təşkilatın seçilməsinin əsas faktorların izah edilməsi);

3.18.2. Qiymətləndirici təşkilata göstərdiyi xidmətlər üçün ödənilməli olan haqq;

3.18.3. əmlakın təklif olunan ilkin satış qiyməti.

3.19. Aqrarkreditin Müsabiqə Komissiyası üçün hazırladığı hesabata qiymətləndirici şirkətin əmlakın qiymətləndirilməsinə dair hazırladığı hesabat əlavə olunmalıdır. Hesabat (əlavələrlə birlikdə) Müsabiqə Komissiyasının üzvlərinin sayına əsasən Müsabiqə Komissiyasının sədrinə təqdim edilməlidir.  Müsabiqə Komissiyasının sədri hesabatın nüsxələrini Müsabiq Komissiyasının digər üzvlərinə təqdim edilməsini təmin etməlidir.

3.20. Hesabat Müsabiqə Komissiyasının bütün üzvlərinə təqdim edildikdən sonra Müsabiqə Komissiyası iclasında hesabatı müzakirə edərək əmlakın ilkin satış qiymətinin təsdiq edilməsi məsələsini həll edir və əmlakın ilkin satış qiyməti ilə hərrac vasitəsi ilə satışı barədə qərar qəbul edir. 2.2.2-ci bəndində müəyyən olunmuş hallar mövcud olduqda əmlakın birbaşa müqavilə əsasında kənar idarəçiyə verilməsi və ya satılması barədə qərar qəbul edir. Müsabiqə Komissiyası satış qiymətini təsdiq etmədikdə əmlakın qiymətləndirilməsi təkrarən həyata keçirilməlidir.  Bu zaman qiymətləndirmənin aparılması ikinci yer tutmuş təklifi verən qiymətləndirici təşkilata təklif olunmalıdır.

 

4. Əmlakın satılması üzrə hərracın keçirilməsi

4.1. Müsabiqə komissiyası tərəfindən əmlakın ilkin satış qiyməti təsdiq edildikdən sonra əmlak Aqrarkredit tərəfindən hərraca çıxarılır. Satış Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 414 – 416-cı maddələrində nəzərdə tutulmuş qaydada açıq hərrac (açıq auksion) vasitəsi ilə həyata keçirilir. Hərracda iştirak etmək üçün əmlakın ilkin satış qiymətinin 10 %-i həcmində beh ödənilməlidir.

4.2. Hərraclar ixtisaslaşmış hərrac təşkilatçıları tərəfindən həyata keçirilir. İxtisaslaşmış hərrac təşkilatlarının seçilməsi aşağıdakı mərhələlərlə həyata keçirilir:

4.2.1. İlkin mərhələdə hərrac təşkilatçılarının ixtisas uyğunluğu müəyyən edilərək azı beş hərrac təçkilatçısı daxil olan siyahı tərtib edilir;

4.2.2. İkinci mərhələdə konkret əmlakın hərracdan satılması məqsədi ilə hərrac təşkilatçıları siyahısına daxil edilmiş təşkilatçılardan təkliflər alınır.

4.3. Hərrac təşkilatçısının ixtisas uyğunluğunu müəyyən etmək məqsədi ilə, Aqrarkredit internet səhifəsində, rəsmi dövlət qəzetində və digər kütləvi informasiya vasitələrində elan dərc edir. Elan sənədlərin təqdim edilməsinin son gününə otuz gün qalmış verilir.  İnternet səhifəsində elan sənədlərin təqdim edilməsinin son gününə qədər yerləşdirilməli, rəsmi dövlət qəzetində və digər kütləvi informasiya vasitələrində isə sənədlərin təqdim edilməsinin son gününə iyirmi və on gün qalmış təkrarən verilməlidir.  Elanda aşağıdakı məlumatlar göstərilməlidir:

4.3.1. Hərraclar vasitəsi ilə satılması nəzərdə tutulan əmlakların növü barədə qısa məlumat;

4.3.2. Hərrac təşkilatçısı tərəfindən təqdim edilməli olan sənəd və məlumatlar;

4.3.3. Sənədlərin təqdim edilməsi müddəti və ünvanı;

4.3.4. Əlaqəli şəxsin adı, vəzifəsi, telefon nömrəsi və elektron poçt ünvanı;

4.3.5. İxtisas uyğunluğunun yoxlanılmasının nəticələri barədə qiymətləndiricilərə məlumatın verilməsi.

4.4. Hərrac təşkilatçısından aşağıdakı sənəd və məlumatların təqdim edilməsi tələb olunur:

4.4.1. Hərrac təşkilatçısının dövlət qeydiyyatını təsdiq edən sənədlərin surəti (qeydiyyat haqqında şəhadətnamə, reyestrdən çıxarış);

4.4.2. Son iki il üçün mühasibat balansı;

4.4.3. Hərrac təşkilatçısının müvafiq sahədə təcrübəsinə dair məlumatlar (fəaliyyət müddəti, ən iri həcmli hərracları, hərraclarda satdığı əmlakın növləri, son on hərrac barədə məlumat və onların həyata keçirildiyi müddətlər);

4.4.4. Hərrac təşkilatçısının hərrac qaydaları;

4.4.5. Hərracların təşkilinə və keçirilməsinə cəlb edəcəyi işçilərin (mütəxəssislərin) adları, vəzifələri, ixtisaslarını təsdiq edən sənədlərin surəti, iş təcrübələrinə dair məlumat, əlaqə üçün telefon nömrələri və elektron poçt ünvanı;

4.4.6. Aqrarkreditlə əlaqə saxlamaq üçün təyin etdiyi rəhbər işçinin adı, vəzifəsi, ixtisasını təsdiq edən sənədin surəti, iş tərübəsinə dair məlumat, əlaqə üçün telefon nömrələri və elektron poçt ünvanı.

4.5. Aqrarkredit bu sahədə təcrübəsi olan nüfuzlu hərrac təşkilatlçılarına sənədlərin təqdim edilməsi üçün birbaşa sorğu göndərə bilər. Sorğuda bu Qaydaların 3-cü bəndində müəyyən edilmiş məlumat göstərilməlidir.

4.6. Hərrac təşkilatçıları aşağıdakı tələblərə cavab verdikdə ixtisas uyğunluğu təsdiq edilmiş hesab olunur və onlar hərrac təşkilatçılarının siyahısına daxil edilir:

4.6.1. Hərrac təşkilatçısı müvafiq sahədə minimum iki illik fəaliyyət təcrübəsinə malik olmalıdır;

4.6.2. Hərrac təşkilatçısının müvafiq hərracların təşkil edilməsinə dair təcrübəsinin olması (o cümlədən hərraclara çıxarılan əmlakın növləri, həcmi, dəyəri, iqtisadi sahəsi);

4.6.3. Hərrac təşkilatçısının mütəxəssislərinin müvafiq sahədə minimum 1il peşəkar təcrübəsinin olması;

4.6.4. Hərrac təşkilatçısının qabaqcıl hərrac üsullarının tətbiq edilməsi imkanları və təcrübəsi;

4.6.5. Hərrac təşkilatçısına dair mənfi məlumatların olmaması (hərrac təşkilatçısının və ya onun təklif etdiyi mütəxəssislərin səriştəsizliyi və ya peşəkarlığın aşağı olması barədə məlumatlar, işçilərinə qarşı cinayət işlərinin qaldırılması, dövlət büdcəsinə borcların olması və s.).

4.7. “Aqrarkredit” hərrac təşkilatlarının təkliflərini qiymətləndirir və nəticələri Müsabiqə Komissiyasına təqdim edir. Hərrac təşkilatçılarının siyahısı Müsabiqə Komissiyası tərəfindən təsdiq edilir. Aqrarkredit ixtisas uyğunluğunun yoxlanılmasında iştirak edən bütün hərrac təşkilatçılarına onların ixtisas uyğunluğunun yoxlanılması mərhələsindən keçib-keçmədiyi barədə məlumat verir.

4.8. Əmlakın ilkin satış qiymətinin təsdiq eidlməsindən sonra Aqrarkredit hərrac təşkilatçılarının siyahısına daxil olmuş bütün təşkilatlara həmin əmlakın satılması üzrə hərracın keçirilməsi barədə təklifin verilməsi barədə sorğu göndərir.

4.9. Sorğuda aşağıdakılar göstərilir:

4.9.1. əmlakın ətraflı təsviri (onun əsas hissələrinin tərkibi, təyinatı, sahəsi, ölçüləri və digər xüsusiyyətləri),

4.9.2. əmlakın yerləşdiyi ünvan,

4.9.3. hərracın təşkili və keçirilməsi üçün hərrac təşkilatçısından haqqı və xərcləri (əgər haqqa daxil deyilsə) barədə təklifin verilməsi,

4.9.4. haqqın və xərclərin əmlakın satışından daxil olan vəsait hesabına ödənilməsi şərti,

4.9.5. təklifdə bu Qaydaların 10-cu bəndinə əsasən qeyd edilməli olan məlumatlar,

4.9.6. təkliflərin qəbul edilməsi üçün ünvan və əlaqəli şəxsin adı, vəzifəsi, telefon nömrəsi və elektron poçt ünvanı,

4.9.7. təkliflərin qəbul edilməsi üçün son müddət,

4.9.8. qalib gəlmiş hərrac təşkilatçısı və Aqrarkredit arasında bağlanılacaq müqavilənin layihəsi.

4.10. Hərrac təşkilatçıları aşağıdakı məlumatların daxil olduğu təklifləri sorğuda göstərilən son tarixə qədər Aqrarkreditə təqdim etməlidirlər:

4.10.1. Hərracın təşkil edilməsi və keçirilməsi üzrə xidmətlər (o cümlədən Aqrarkredit və tələb olunarsa Müsabiqə Komissiyasının suallarının cavablandırılması, şərhlərinin nəzərə alınması) üçün haqqın məbləği və onun hesablanması qaydası, əvəzi ödənilməli (əgər haqqa daxil deyilsə) xərclərin məhdudlaşdırılması;

4.10.2. Hərracın keçirilməsi qaydaları;

4.10.3. Hərracın təşkilinə və keçirilməsinə cəlb olunan mütəxəssislər (ixtisasın yoxlanılması zamanı göstərilən mütəxəssislər);

4.10.4. Hərracın keçirilməsinin vaxt cədvəli, o cümlədən ilkin hərracın və tələb olunarsa təkrar hərracların keçirilməsinin vaxt cədvəli;

4.10.5. Hərrac təşkilatçısının müstəqilliyinə maneə olan halların olmamasına dair hərrac təşkilatçısının bəyanatı;

4.10.6. Aqrarkreditlə bağlanılacaq müqavilənin layihəsinə dair qeydlər.

4.11. Təkliflərin alınması üçün müddət başa çatdıqda, Aqrarkredit Müsabiqə Komissiyası tərəfindən siyahısı təsdiq edilmiş hərrac təşkilatçılarından alınmış təkliflərin müqayisəli təhlilini həyata keçirir və qalib gələn təklifi seçərək bu barədə təklif vermiş bütün hərrrac təşkilatçılarına məlumat verir.

4.12. Tələb olunduqda Müsabiqə Komissiyası təkliflərin qiymətləndirilməsinə dair metodoloji təlimat təsdiq edə bilər.

4.13. Aqrarkredit və təklifi qəbul edilmiş hərrac təşkilatçısı arasında müvafiq əmlakın satılması üzrə hərracın təşkili və keçirilməsi xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanılmalıdır. Müqavilə üzrə danışıqlar aparılarkan Aqrarkredit hərrac təşkilatçısı tərəfindən təklif edilən qiymətə güzəştin tətbiq edilməsi məsələsini müzakirə etmək hüququna malikdir.  Qalib gəlmiş hərrac təşkilatçısı ilə hər hansı səbəbə görə müqavilə bağlanmadıqda, Aqrarkredit ikinci yer tutmuş hərrac təşkilatçısı ilə müqavilə üzrə danışıqlara başlamaq hüququna malikdir.

4.14. Hərracın keçirilməsi məqsədi ilə Aqrarkredit hərrac təşkilatçısına əmlaka baxış keçirilməsi məqsədi ilə əmlakın yerləşdiyi əraziyə və əmlaka daxil olmaq imkanını yaratmalıdır, həmçinin əmlaka dair onda olan bütün sənədlərlə tanış olmaq, belə sənədlər digər təşkilatlarda və ya dövlət orqanlarında olduqda isə həmin təşkilat və orqanlarla əlaqə saxlayaraq qiymətləndirici təşkilat üçün həmin sənədlərlə (belə sənədlər dövlət və ya istintaq sirrinə, və ya cinayət işi üzrə götürülmüş sənədlərə aid olduğu hallar istisna olmaqla) tanış olmaq üçün imkan yaratmalıdır.

4.15. Hərrac təşkilatçısı hərracın təşkili və hərracın keçirilməsi zamanı öz adından çıxış edir.

4.16. Hərrac təçkilatçısı hərracın keçirilməsinə 30 gün qalmış hərracın keçirilməsi barədə öz internet səhifəsində, Aqrarkreditin internet səhifəsində, azı üç rəsmi dövlət qəzetində və geniş yayılmış digər kütləvi informasiya vasitələrində hərracın keçirilməsi barədə bildiriş verməlidir. İnternet səhifəsində yerləşdirilmiş bildiriş hərracın keçirildiyi günə qədər verilməlidir.  Rəsmi dövlət qəzetlərində və digər kütləvi informasiya vəsaitlərində verilmiş bildiriş hərracın keçirilməsi gününə qədər hər on gündən bir verilməlidir.

4.17. Hərracın keçirilməsi barədə bildirişdə aşağıdakı məlumatlar göstərilməlidir:

4.17.1. Hərraca çıxarılmış əmlaka dair ətraflı məlumat, o cümlədən əmlakın olduğu yer və vəziyyəti barədə məlumat;

4.17.2. Hərraca çıxarılmış əmlakın ilkin satış qiyməti;

4.17.3. Hərracın açıq auksion vasitəsi ilə keçirilməsi;

4.17.4. Hərracın tarixi və vaxtı;

4.17.5. Hərracın keçiriləcəyi ünvan;

4.17.6. Hərracın keçirilməsi qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi qaydası, hərrac qalibinin müəyyən edilməsi qaydası və qanunvericiliklə müəyyən edilmiş digər məlumatlar;

4.17.7. Hərracı udan şəxs tərəfindən hərracda müəyyən edilimiş qiymətin ödənilməsi şərtləri və müddəti;

4.17.8. hərracda iştirak edən şəxslərin hərracda qalib gəldikdə öhdəliklərinin təmin edilməsi üçün müəyyənləşdirilmiş behin məbləği, ödənilməsi qaydası və müddəti.

4.18. Hərracın baş tutmuş hesab edilməsi üçün hərracda iştirakçıların sayı üç nəfərdən az olmamalıdır. Ən yüksək qiyməti təklif etmiş hərrac iştirakçısı hərracın qalibi elan olunur.  Əmlakın qalib tərəfindən alınması Azərbaycan Respublikasının Mülki Məcəlləsində müqavilənin hərracda bağlanılması qaydaları ilə tənzimlənir.

4.19. Hərracda üç nəfərdən az şəxs iştirak etdikdə və ya qalib gələn şəxs əmlakı almaqdan imtina etdikdə hərrac baş tutmamış hesab edilir və əmlak növbəti (ikinci) hərraca çıxarılır. Növbəti (ikinci) hərrac ilk hərracın günündən 10 gün ərzində keçirilməlidir. Bu halda hərracın təşkilatçısı növbəti (ikinci) hərracın keçirilməsi barədə bildiriş verməlidir və bildiriş hər 5 gündən bir təkrarlanmalıdır. Bu bəndin qaydaları nəzərə alınmaqla bildiriş bu Qaydaların 16-cı və 4.17-ci bəndlərində müəyyən edilmiş qaydada verilir və bu zaman hərracın növbəti hərrac olması qeyd edilir.

4.20. Növbəti (ikinci) hərracda əmlak ilkin satış qiyməti ilə hərraca çıxarılır. Təkrar hərracda bir nəfər iştirak etdikdə hərrac baş tutmuş hesab edilir, hərracda heç kim iştirak etmədikdə və ya qalib gələn şəxs əmlakı almaqdan imtina etdikdə hərrac baş tutmamış hesab edilir və əmlak növbəti (üçüncü) hərraca çıxarılır.  Növbəti (ikinci) hərrac baş tutmadıqda, hərrac təşkilatçısı bu Qaydaların 4.19-cu bəndində nəzərdə tutlmuş qaydada və müddətlərdə növbəti (üçüncü) hərracı keçirməli və bu barədə bildiriş verməlidir.

4.21. Əmlakın satılması üzrə keçirilən növbəti (üçüncü) hərracda əmlak ilkin satış qiymətindən 10% aşağı qiymətlə hərraca çıxarılır. Növbəti (üçüncü) hərracda bir nəfər iştirak etdikdə hərrac baş tutmuş hesab edilir, hərracda heç kim iştirak etmədikdə və ya qalib gələn şəxs əmlakı almaqdan imtina etdikdə hərrac baş tutmamış hesab edilir və əmlak növbəti (dördüncü) hərraca çıxarılır.  Növbəti (üçüncü) hərrac baş tutmadıqda, hərrac təşkilatçısı bu Qaydaların 4.19-cu bəndində nəzərdə tutlmuş qaydada və müddətlərdə növbəti (dördüncü) hərracı keçirməli və bu barədə bildiriş verməlidir.

4.22. Əmlakın satılması üzrə keçirilən növbəti (dördüncü) hərracda əmlak ilkin satış qiymətindən 25% aşağı qiymətlə hərraca çıxarılır. Növbəti (dördüncü) hərracda bir nəfər iştirak etdikdə hərrac baş tutmuş hesab edilir, hərracda heç kim iştirak etmədikdə və ya qalib gələn şəxs əmlakı almaqdan imtina etdikdə hərrac baş tutmamış hesab edilir və əmlak növbəti (beşinci) hərraca çıxarılır.  Növbəti (dördüncü) hərrac baş tutmadıqda, hərrac təşkilatçısı bu Qaydaların 4.19-cu bəndində nəzərdə tutlmuş qaydada və müddətlərdə son (beşinci) hərracı keçirməli və bu barədə bildiriş verməlidir.  Bildirişdə hərracın son hərrac olması qeyd edilir.

4.23. Son hərracda əmlak ilkin satış qiymətindən 50% aşağı qiymətlə hərraca çıxarılır. Son hərracda azı bir şəxs iştirak etdikdə hərrac baş tutmuş hesab olunur və həmin şəxs hərracın qalibi elan olunur. Son hərracda iştirakçı olmadıqda əmlak hərracdan çıxarılır.

4.24. Hər bir növbəti hərrac əvvəlki hərracın baş tutmadığı gündən 10 gün ərzində keçirilməlidir. Müsabiqə Komissiyası müvafiq hallarda (əmlakın növü, əhəmiyyəti, problemli aktivin məbləği və s.) bu müddətin artırılması barədə qərar qəbul edə bilər.

4.25. Hərrac təşkilatçısı hərracın (o cümlədən növbəti hərracların və son hərracın) təşkili, keçirilməsi və nəticələrinə dair hesabat hazırlamalı və Aqrarkreditə təqdim etməlidir.

4.26. Müsabiqə Komissiyasının qərarı ilə hərraca çıxarılan əmlakın həmin əmlakın problemli aktivlər əvəzində alınmasına qədər mülkiyyətçisi olduğu fiziki və ya hüquqi şəxs (və ya həmin hüquqi şəxsin iştirakçıları (səhmdarları) əmlakın satılması üzrə təşkil edilən hərraclarda eyni ilə digər iştirakçılar kimi iştirak edə bilər.

 

5. Əmlakın hərracda satılmamasının nəticələri

5.1. Əmlak onun satılması üzrə keçirilən hərraclar vasitəsi ilə satılmadıqda, həmçinin bu Qaydaların 2.2.2-ci bəndində müəyyən edilmiş hallarda, Müsabiqə Komissiyası Aqrarkreditin təqdimatına əsasən aşağıdakılar barədə qərar çıxara bilər:

5.1.1. Əmlakın hissə-hissə (bölünərək, ayrılaraq) hərrac vasitəsi ilə satılması;

5.1.2. Əmlakın birbaşa müqavilə əsasında satılması;

5.1.3. Əmlakın kənar idarəçiyə verilməsi.

5.2. Əmlakın hissə-hissə satılması onun tərkibindən müvafiq aktivlərin ayrılaraq (misal üçün torpaq sahəsi, maşınlar, istehsal vasitələri, qurğular və s.) bu Qaydaların 4-cü bəndində müəyyən edilmiş qaydada keçirilən hərrac vasitəsi ilə satılmasını nəzərdə tutur. Bu zaman əmlakın tərkib hissələrinin qiymətləndirilməsi həmin amlakın qiymətləndirilməsi hesabatına əsasən aparılır, bu mümkün olmadıqda isə bu Qaydaların 3-cü bəndində müəyyən edilmiş qaydada qiymətləndirilir.

5.3. Əmlakın birbaşa müqavilə əsasında satılması barədə qərar qəbul edildikdə, Aqrarkredit əmlakın birbaşa satılması şərtlərinin (əmlakın qiyməti, satış və ödəniş şərtlər və s.), müəyyən edilməsi üçün kənar məsləhətçi (qiymətləndirici) cəlb etməlidir. Bu Qaydaların 3-cü bəndinə əsasən seçilmiş qiymətləndiricilər siyahısına daxil olan qiymətləndirici əmlakın birbaşa müqavilə əsasında satılması üçün kənar məsləhətçi qismində cəlb edilə bilər.  Kənar məsləhətçinin namizədliyi Müsabiqə Komissiyası tərəfindən təsdiq edilməlidir.

5.4. Məsləhətçiyə öz vəzifələrinin icrası üçün bu Qaydaların 14-cü bəndində müəyyən edilmiş şərait yaradılmalıdır.

5.5. Kənar məsləhətçi əmlakın birbaşa müqavilə əsasında satılması şərtləri barədə hesabatı Aqrarkreditə təqdim etdikdən sonra, Aqrarkredit məsləhətçinin hesabatı əlavə olunmaqla əmlakın birbaşa müqavilə əsasında satılmasına dair təkliflərini Müsabiqə Komissiyasına təqdim etməlidir. Müsabiqə Komissiyası kənar məsləhətçinin hesabatı və Aqrarkreditin təklifləri nəzərə alınmaqla əmlakın birbaşa müqavilə əsasında satılması barədə qərar qəbul edir.

5.6. Əmlakın birbaşa müqavilə əsasında satılması barədə qərar qəbul edilərsə Aqrarkredit potrensial alıcını müəyyən etməli və Müsabiqə Komissiyası tərəfindən təsdiq etdiyi şərtlər çərçivəsində onunla danışıqlar aparmaqla əmlakın alqı-satqı müqaviləsinin layihəsini hazırlamalı və Müsabiqə Komissiyasına təqdim etməlidir. Alıcı ilə alqı-satqı müqaviləsi yalnız alıcının namizədliyi və müqavilə layihəsi Müsabiqə Komissiyası tərəfindən təsdiq olunduqdan sonra Aqrarkredit tərəfindən bağlanılır.

 

6. Əmlakın kənar idarəçiyə verilməsi

6.1.   Hərrac vasitəsi ilə satılmayan əmlaklar Müsabiqə Komissiyasının qərarı ilə müsabiqə yolu ilə və ya birbaşa müqavilə ilə üçüncü tərəfə idarəetməyə verilir.

6.2.   Əmlaklar ilk növbədə müsabiqə üsulu ilə kənar idarəçilərə idarəetməyə verilir.

6.3.   Əmlaklar müsabiqə üsulu ilə kənar idarəçilərə idarəetməyə verilərkən Müsabiqə Komissiyası:

6.3.1. hər bir əmlakın idarəetməyə verilməsi şərtlərini müəyyən edir;

6.3.2. müsabiqədə iştirak etmək üçün təklif vermiş iddiaçıların (bundan sonra – iddiaçılar) təkliflərini qiymətləndirir;

6.3.3. müsabiqənin qalibini müəyyən edir və onunla müqavilənin imzalanması barədə qərar qəbul edir;

6.4. Əmlaklar müsabiqə üsulu ilə kənar idarəçilərə idarəetməyə verilərkən Aqrarkredit:

6.4.1. müsabiqəni təşkil edir;

6.4.2. müsabiqə barədə kütləvi informasiya vasitələrində elan dərc etdirir;

6.4.3. müqavilənin icrasına nəzarəti təşkil edir;

6.4.4. kənar idarəçi tərəfindən müqavilənin şərtləri yerinə yetirilmədikdə, qanuna müvafiq tədbirlər görülməsini təmin edir.

6.5.   Əmlaklar müsabiqə əsasında idarəetməyə verilərkən müvafiq elan azı 30 (otuz) iş günü əvvəl kütləvi informasiya vasitələrində dərc edilir. Elanda aşağıdakılar nəzərdə tutulmalıdır:

6.5.1. müsabiqənin yeri, tarixi və vaxtı;

6.5.2. əmlakların tərkibinə dair siyahı, texniki parametrləri və maliyyə göstəriciləri barədə məlumat;

6.5.3. iddiaçılara dair tələblər;

6.5.4. iddiaçılar tərəfindən təqdim olunacaq sənədlərin siyahısı;

6.5.5. sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı;

6.5.6. müsabiqənin şərtləri;

6.4.7. Müsabiqə Komissiyası tərəfindən  müəyyən olunmuş digər tələblər.

6.6.   Müsabiqə Komissiyası tərəfindən  müsabiqənin qalibinin müəyyən edilməsi barədə qərarın qəbulu ilə müsabiqə bitir.

6.7. Müsabiqənin iştirakçısı olmadıqda və ya qalib gələn şəxs müqavilə bağlamaqdan imtina etdikdə Müsabiqə Komissiyası əmlakın birbaşa müqavilə üsulu ilə kənar idarəçilərə idarəetməyə verilməsi barədə qərar qəbul edir.

6.8.   Əmlaklar birbaşa müqavilə üsulu ilə kənar idarəçilərə idarəetməyə verilərkən Müsabiqə Komissiyası:

6.8.1. hər bir əmlakın idarəetməyə verilməsi şərtlərini müəyyən edir;

6.8.2. kənar idarəçi ilə müqavilənin bağlanması barədə qərar qəbul edir.

6.9.  Əmlaklar birbaşa müqavilə üsulu ilə kənar idarəçilərə idarəetməyə verilərkən Aqrarkredit:

6.9.1. əmlakların idarəetməyə verilməsi ilə bağlı təşkilati işləri görür;

6.9.2. müqavilənin icrasına nəzarəti təşkil edir;

6.9.3. kənar idarəçi tərəfindən müqavilənin şərtləri yerinə yetirilmədikdə, qanuna müvafiq tədbirlər görülməsini təmin edir.

6.10. Əmlaklar aşağıdakı meyralara cavab verən kənar idarəçi hüquqi və fiziki şəxslərə idarəetməyə verilə bilər:

6.10.1. əmlakın fəaliyyət göstərdiyi sahədə minimum 3 il təcrübəyə malik olmaq;

6.10.2. müvafiq müqavilə üzrə öhdəliklərin icrasının təminatı kimi kənar idarəçi tərəfindən banklardan və ya nüfuzlu maliyyə qurumlarından  zəmanət məktubunun mövcudluğu;

6.10.3. idarəçinin idarəetməyə götürmək istədiyi əmlakı idarəetmə potensialı.

6.11.   Əmlak yalnız investisiya proqramı əsasında kənar idarəçiyə idarəetməyə təqdim edilir.

6.12.   İnvestisiya proqramında ən azı aşağıdakı məlumatlar öz əksini tapmalıdır:

6.12.1. kənar idarəçinin sahə üzrə təcrübəsini və idarəetmə potensialını müəyyən etməyə imkan verən məlumatlar;

6.12.2. investisiya planı;

6.12.3. idarəetməyə verilmiş əmlak üzrə öhdəliklərin yerinə yetirilməsi qrafiki;

6.12.4. idarəetməyə verilmiş əmlakın təklif olunan idarəetmə və təşkilati strukturu;

6.12.5. maliyyə proqnozları;

6.12.6. risklər və onların idarə edilməsi alətləri.

6.13. İnvestisiya proqramında göstərilən məlumatlar Aqrarkreditin özü və ya onun müvəkkil etdiyi kənar qiymətləndirici tərəfindən qiymətləndirilməli və Müsabiqə Komissiyasına rəsmi rəy təqdim olunmalıdır.

6.14. Əmlakların idarəetməyə verilməsi onların üzərində mülkiyyət hüququnun kənar idarəçiyə keçməsinə əsas hesab olunmur və əmlakın mülkiyyət hüququ Aqrarkreditdə qalır.

6.15. Aşağıdakı hallarda Müsabiqə Komissiyasının qərarı və əmlakın idarəetməyə verilməsi üzrə müqavilə şərtlərinə müvafiq olaraq idarəetməyə verilən əmlak idarəçiyə satıla bilər:

6.15.1. idarəetmədə olan müddətdə əmlak üzrə Aqrarkreditə olan borc öhdəlikləri tamamilə ödənilmişdir;

6.15.2. idarəetməyə verilən əmlakın satılması və ya başqa kənar idarəçiyə vermək mümkün deyildir.

6.16.   Əmlaklar birbaşa müqavilə və ya müsabiqə əsasında kənar idarəçilərə idarəetməyə verilərkən müqavilədə minimum idarəciyə qarşı aşağıdakı  minimal tələblər öz əksini tapmalıdır:

6.16.1. idarəetmə müddətində idarəetməyə verilən əmlaklara aid problemli aktivin (borcun) ödənilməsi;

6.16.2. idarəetməyə verilən əmlakların istismarı ilə bağlı yaranmış borcların (kommunal xidmətlərə, əmək haqqına  görə və s. borclar) aidiyyəti üzrə ödənilməsi;

6.16.3. əmlakların funksional təyinatının saxlanması;

6.16.4. qabaqcıl korporativ idarəetmə prinsiplərinin tətbiqi.

6.17.   Əmlakların növündən, xüsusiyyətindən və mürəkkəbliyindən, habelə onların fəaliyyətinə təsir edə biləcək digər amillərdən asılı olaraq müqavilədə başqa tələblər də nəzərdə tutula bilər.

6.18.   Əmlaklar  aşağıdakı müddətlərə idarəetməyə verilir:

6.18.1. qısa müddətə - 5 (beş) ilədək;

6.18.2. orta müddətə - 5 (beş) ildən 10 (on)  ilədək;

6.18.3. uzun müddətə - 10 (on) ildən yuxarı.

6.17. Hər bir halda əmlakların idarəetməyə verilməsinin konkret müddəti tərəflər arasında bağlanmış müqavilədə qarşılıqlı razılaşma ilə müəyyən edilir.

6.18. Əmlakların idarəetməyə verilməsi Aqrarkredit ilə kənar idarəçi arasında bağlanmış müqavilə ilə rəsmiləşdirilir.

6.19. Müqavilə Müsabiqə Komissiyasının qərarı əsasında imzalanır.

6.20. Müqavilə əmlakların idarəedilməsi ilə bağlı yaranan münasibətləri tənzimləyən əsas sənəddir.

28.11.2016 Ətraflı Gizlət